İQTİSADİYYAT
Beynəlxalq yük və sərnişindaşımaları ilə bağlı monitorinqin yekun nəticələri açıqlanıb
Bakı, 12 oktyabr, Elvin Camalov, AZƏRTAC
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə apardığı beynəlxalq yük və sərnişindaşımaları ilə bağlı monitorinqinin yekun nəticələri açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Şəfa Mehmanqızı deyib.
O bildirib ki, beynəlxalq yük və sərnişindaşımalarla bağlı monitorinqlərə bir neçə ay əvvəl başlanılıb. Məqsəd beynəlxalq yük və sərnişindaşımalarda xidmət keyfiyyəti və büdcə daxilolmalarının artırılmasıdır.
Ş.Mehmanqızının sözlərinə görə, monitorinqlər zamanı bir sıra qanun pozuntuları aşkarlanıb. Məlum olub ki, bir sıra qonşu ölkələrin, xüsusilə də Gürcüstan qeydiyyatında olan xeyli sərnişin avtobusları müvafiq sərnişindaşıma qaydalarını pozurlar. Qaydaya görə beynəlxalq sərnişindaşımaları 23 və daha çox oturacaqlı avtobuslarla həyata keçirilməlidir.
Mətbuat katibi qeyd edib ki, monitorinqlər zamanı müəyyən edilib ki, qonşu dövlətlərə aid avtobuslar icazə vərəqələri belə olmadan sərnişindaşımaları icra edir. Bir çoxunun isə ölkədə qalma müddəti başa çatıb. Aşkarlanan faktlara uyğun olaraq protokollar tərtib edilib və bu tip minik avtomobilləri dövriyyədən çıxarılıb.
“Son bir ayda paytaxtın bir neçə ərazisində xüsusi reydlər keçirilib. Son günlərdə Bakının Rəsulzadə qəsəbəsində qanunsuz olaraq Gürcüstan-Azərbaycan beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar aşkarlanıb. Həmən avtobuslara müvafiq protokollar tərtib olunub və cərimələr yazılıb. Beynəlxalq sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər ancaq Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərə bilər. Əks təqdirdə qanunvericiliyin tələblərini pozan avtobus sahiblərinə qarşı daha sərt tədbirlər görüləcək və ölkəyə girişi qadağan ediləcək”, - deyə Ş.Mehmanqızı vurğulayıb.