CƏMİYYƏT
Beynin qocalığı piylənməyə şərait yarada bilər
Bakı, 9 avqust, AZƏRTAC
Alimlər apardıqları tədqiqatlardan sonra belə bir nəticəyə gəliblər ki, piylənmədən əziyyət çəkənlərin beyni artıq çəkisi olmayan insanlardan fərqli olaraq 10 il tez quruyur. Bu fərqin səbəbi hələ ki müəyyən olunmayıb, lakin faktlar sübut edir ki, 40 yaşlı şişman adamlarda beynin həcmi kiçilir.
AZƏRTAC “uapress.info” saytına istinadla xəbər verir ki, britaniyalı alimlərin eksperimentlərində 27-80 yaş arasında insanlar iştirak ediblər. Onların hamısı müxtəlif bədən formasına malik olublar. Alimlər 500 adamın baş beyninin şəklini təhlil edərkən qəribə hal müşahidə ediblər. Atıq çəkiyə malik 40 yaşında adamlarda beyin öz həcmini itirib, 50 yaşında isə onun quruluşu arıq, lakin 60 yaşında insan beyninin xarakteristikasına cavab verib.
Mütəxəssislər qeyd ediblər ki, beynin həcmi ilə artıq çəki arasında birbaşa asılılıq var. Həkimlər əlavə ediblər ki, bu cür dəyişiklik beynin ağ maddəsinə aiddir, lakin baş beynin qabığına təsir etmir. Bu isə o deməkdir ki, müxtəlif çəki kateqoriyasına malik adamların koqnitiv bacarıqları təqribən eyni olaraq qalır.