İQTİSADİYYAT
“Bibiheybət yolu” ikitərəfli olub
Bakı, 27 noyabr, AZƏRTAC
Səbail rayonu, “20-ci sahə” adlanan ərazidə sıxlığın aradan qaldırılması və “Lökbatan” dairəsi istiqamətinə doğru hərəkətdə olan nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi məqsədi ilə “Bibiheybət yolu”nda nəqliyyat vasitələrinin 2 istiqamətli hərəkətinin təşkili işləri artıq yekunlaşıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən aparılan işlərin nəticəsində yol iki gediş-gəlişli hərəkət istiqamətli olmaqla sürücülərin istifadəsinə verilib.
“Azəryolservis”dən AZƏRTAC-a bildirilib ki, yolun iki hərəkət istiqamətli olması üçün “Bibiheybət” məscidinin yaxınlığında, yol kəsişməsində yerləşən hasarın 15 metrlik hissəsi sökülüb. Nəticədə Su İdmanı Sarayından “Bibiheybət” məscidinə doğru nəqliyyat vasitələrinin rahat və maneəsiz çıxışı təmin olunub.
Sözügedən ərazidə görülən işlərdən sonra şəhərə doğru hərəkət edən sərnişin avtobuslarının “20-ci sahə”dən “Bibiheybət” məscidinə doğru olan yola daxil olması qadağan edilib. Sərnişin avtobusları ancaq Su İdman Sarayına doğru olan yolla hərəkətlərinə davam edə bilərlər.
“Azəryolservis” ASC tərəfindən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.