REGİONLAR
Biləsuvar, Hacıqabul və Şirvanda Respublika Günü qeyd olunub
Biləsuvar, 26 may, Mahir Babayev, AZƏRTAC
Mayın 26-da Biləsuvar rayonunda Respublika Gününə həsr olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri, ağsaqqallar iştirak ediblər.
Dövlət himninin səslənməsi ilə başlayan mərasimdə Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətdə həyata keçirdiyi tədbirlərdən danışılıb.
Respublika Gününün tarixinə qısa nəzər salan rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Qeyd olunub ki, 1990-cı illərdə yenidən istiqlalına qovuşan Azərbaycan çox keçmədən dərin siyasi və iqtisadi böhranla üzləşdi, erməni işğalı, separatizm halları dövlət müstəqilliyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, onun şəxsində dünyanın ölkəmizə inamı və etimadı yarandı.
Əsrin müqaviləsi ilə respublikanın iqtisadi əsasları qoyuldu, siyasi islahatlar və ordu quruculuğu başlandı, demokratik parlament seçkiləri keçirildı, ilk Konstitusiya qəbul edildi.
Heydər Əliyev dövlət quruculuğu fəlsəfəsinin 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq birlikdə layiqli yer tutması, sosial–iqtisadi inkişaf sahəsində mühüm nəticələrə nail olunması tədbirdə xüsusi vurğulanıb.
X X X
Hacıqabulda 28 May-Respublika Gününə həsr olunan tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev mərkəzində keçirilən ümumrayon toplantısında rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovun məruzəsi dinlənilib.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və XX əsrin sonlarında ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən danışan icra başçısı bildirib ki, müstəqilliyimizin əbədi və dönməz xarakter alması ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətidir. Ümummilli Liderin gərgin səyləri ilə davamlı ictimai–siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğu prosesi başlandı. Ulu Öndərin başladığı milli dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və müstəqil Azərbaycan dövlətçiliyinin müasir modeli yarandı.
Toplantı iştirakçıları müstəqilliyimizin ötən dövrünün uğurlarından və qarşıdakı vəzifələrdən ətraflı söhbət açıblar.
X X X
28 May-Respublika Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə şəhər ümumtəhsil məktəb şagirdlərinin əl işlərindən ibarət rəsm nümunələrinin sərgisi ilə tanışlıq olub. Sonra Respublika Gününə həsr olunan ümumşəhər tədbiri keçirilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən danışıb. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə 23 ay fəaliyyət göstərsə də, xalqımızın tarixində ən parlaq səhifələrindən biri kimi qalıb. Demokratik Cümhuriyyətin dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində başladığı işləri axıra çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər Azərbaycan xalqının tarixində silinməz iz buraxıb, milli dövlətçiliyimiz bərpasında böyük rol oynayıb.
Digər çıxış edənlər qeyd ediblər ki, ölkəmiz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, onun qorunub saxlanılması və möhkəmləndirilməsi Ulu Öndərin uzaqgörən siyasəti və məqsədyönlü fəaliyyəti nəticəsində mümkün olub. Dahi rəhbər yenidən istiqlaliyyətə qovuşmuş xalqımızı vətəndaş müharibəsi təhlükəsindən, milli dövlətçiliyimizi isə məhv olmaqdan xilas etdi və Azərbaycanı əbədi müstəqillik yoluna çıxardı.
Mərasim məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.