REGİONLAR
Biləsuvar məktəbliləri ulu öndər Heydər Əliyevin zəngin irsini həvəslə öyrənirlər
Biləsuvar, 24 noyabr, AZƏRTAC
Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda növbəti açıq dərs keçirilib.
AZƏRTAC xəbər verir ki, Ş.Qurbanov adına şəhər 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdlərinin iştirak etdikləri açıq dərsdə “Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzə edən tarix müəllimi İslam Abbasov Ulu Öndərin həyat və fəaliyyətinin ən dəyərli məqamlarından söhbət açıb.
Bildirilib ki, bütün həyatını ölkəmizin tərəqqisinə həsr etmiş Ulu Öndərin Azərbaycanın gələcəyi naminə gördüyü nəhəng işlər ona tariximizin yaddaşında əbədi həkk olmaq, öz xalqının qəlbində həmişə yaşamaq səadəti bəxş edib.
Diqqətə çatdırılıb ki, bu dahi şəxsiyyətin mənalı və şərəfli ömür yolu Vətənə və xalqa xidmət etmək nümunəsidir.
Tədris prosesində məktəblilər Ümummilli Liderin həyat və fəaliyyətinə aid sərgi və guşələrlə tanış olublar.