REGİONLAR


Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı  avtomobil yolunun tikintisi başa çatıb VİDEO

A+ A

Bakı, 25 avqust, AZƏRTAC 

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun uzunluğu 6 kilometrdir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib.

Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 metr, hərəkət zolaqlarının eni 3,75 metr, çiyinlərin eni 3 metr, torpaq yatağının eni isə 15 metrdir.

Layihəyə uyğun olaraq, yolun 1,68 kilometrində Balhari çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 metr olan avtomobil körpüsü inşa edilib. Bundan başqa, 7 yerdə ümumi uzunluğu 170 metr olan dairəvi boru, 3 yerdə düzbucaqlı ümumi uzunluğu 73 metr olan boru, 2 yerdə ümumi uzunluğu 47 metr olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib.

Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə 18 min 780 metr uzunluğunda yol cizgi və yol göstərici xətləri çəkilib, zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb, həmçinin tikinti sahəsinə düşən 376 metr qaz və su borusunun köçürülməsi işləri aparılıb.

Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisində məqsəd M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir.

Eyni zamanda, sözügedən yol vasitəsilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də avtonəqliyyat xidməti təmin ediləcək.

Xatırladaq ki, əvvəllər bu yaşayış məntəqələrinə avtonəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunurdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.