İQTİSADİYYAT
Biləsuvar rayonunda Əliabad kəndinin yolu yenidən qurulub
Bakı, 10 may, AZƏRTAC
Biləsuvar rayonunun Əliabad kəndinin giriş yolu “Azəravtoyol” ASC tərəfindən əsaslı şəkildə təmir olunub.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən yolun uzunluğu 2 kilometrdir və başlanğıcını Ələt–Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 106-cı kilometrindən götürür.
Təmir-tikinti işləri çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib və yol əsasının tikintisi işləri aparılıb.
Torpaq işlərindən sonra yolun asfaltlanmasına başlanılıb. Ümumilikdə isə yolun 12 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib, yol boyu mövcud suötürücü borular təmir edilib.
Daha sonra zəruri olan yerlərdə 14 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.