REGİONLAR
Biləsuvar və İmişlidə Respublika günü qeyd olunub
Biləsuvar, 27 may, Mahir Babayev, AZƏRTAC
Mayın 27-də Biləsuvar rayonundakı Heydər Əliyev Mərkəzində Respublika Gününə həsr olunan mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları - rayonun rəhbər işçiləri, ictimaiyyət nümayəndələri əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı -ayrı məqamlarını, Biləsuvara səfərlərini əks etdirən foto və sənədlərlə tanışlıq olub.
Respublika gününün tarixinə qısa nəzər salan rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, ötən əsrin əvvəllərində müstəqilliyini elan edən Azərbaycan çox keçmədən onu itirsə də, 70 il sonra yenidən istiqlalına qovuşdu. Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkəmiz dərin siyasi-iqtisadi böhranla üzləşdi, erməni təcavüzü, daxili separatizm Azərbaycanın gələcək taleyini təhlükə altına aldı. Belə ağır məqamda xalq müdrik rəhbəri Heydər Əliyevin simasında öz xilaskarını tapdı. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycan müstəqil dövlətçiliyini qoruya bildi, dünya birliyinin inam və etimadını qazandı. “Əsrin müqaviləsi” sayəsində respublikanın iqtisadi əsasları yaradıldı, siyasi islahatlar və nizami ordu quruculuğu prosesi başladı, demokratik parlament seçkiləri keçirildı, ilk Konstitusiya qəbul edildı.
Tədbirdə Heydər Əliyevin dövlət quruculuğu fəlsəfəsinin 2003-cü ildən sonra Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın beynəlxalq birlikdə söz və nüfuz sahibinə çevrilməsi, dinamik sosial–iqtisadi inkişafa nail olması xüsusi vurğulanıb.
Tədbir bədii özfəaliyyət kollektivlərinin maraqlı konsert proqramı ilə davam edib.
X X X
İmişlidə Respublika Gününə həsr olunan tədbir ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev mərkəzində keçirilən ümumrayon toplantısında rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev məruzə edib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və XX əsrin 90-cı illərində keçmiş SSRİ-nin süqutundan sonra ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən danışan icra başçısı bildirib ki, müstəqilliyimizin əbədi və dönməz xarakter alması ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətidir. Ümummilli Liderin gərgin səyləri ilə davamlı ictimai–siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğuna başlandı. Qısa müddətdə dünyanın heç bir ölkəsinin nail ola bilmədiyi uğurlar qazanıldı və Azərbaycan sivil dünyaya inteqrasiya etdi. Ulu Öndərin başladığı nəhəng dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyevin şəxsində keyfiyyətcə yeni mərhələyə keçdi və milli dövlətçiliyin yeni modeli yarandı.
Yığıncaqda müstəqilliyimizin ötən dövründə qazanılan uğurlar və qarşıdakı vəzifələrlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.