REGİONLAR


Biləsuvar və Salyanın ümumtəhsil məktəblərində son zəng tədbirləri keçirilib

Salyan-Biləsuvar, 14 iyun, Mahir Babayev, AZƏRTAC

Salyanın ümumtəhsil məktəblərində keçirilən son zəng mərasimləri təhsil illərini başa vuran 1151 məzuna duyğulu anlar yaşadıb.

AZƏRTAC xəbər verir ki, 1 nömrəli şəhər humanitar fənlər təmayüllü məktəb-liseydə təşkil olunan tədbirdə çıxış edənlər on birinciləri təbrik edib, onlara xoş arzularını çatdırıblar.

Çıxışlarda bildirilib ki, son illər bütün ölkə üzrə olduğu kimi, Salyanın ümumtəhsil məktəblərində də əsaslı islahatlar aparılıb, 5 yeni məktəb binası tikilib, 3 məktəb binası əsaslı təmir olunub. Hazırda şəhərdə 1200 yerlik 1 məktəb binası inşa olunur, 1 məktəb binası isə əsaslı təmir edilir.

Rayon təhsilində mühüm keyfiyyət dəyişikliyinin baş verdiyini deyən müəllim və valideynlər ötənilki məzunlardan 307 nəfərin ali məktəblərə daxil olduğunu, 21 nəfərin 600-dən, 68 nəfərin isə 500-dən çox bal topladığını qeyd ediblər.

Tədbirinin sonunda I və XI sinif şagirdləri bir-birilərini hədiyyələr və gül-çiçəklə təbrik edib, xatirə şəkli çəkdiriblər.

X X X

Son zəng Biləsuvarın bütün ümumtəhsil məktəblərində böyük sevinclə qeyd olunub.

AZƏRTAC xəbər verir ki, rayonun Xırmandanlı kənd tam orta məktəbində keçirilən tədbirdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov məzunları təbrik edib. Bu il rayonun 26 tam orta məktəbini 973 nəfər şagirdin bitirdiyini deyən şöbə müdiri onlara gələcək həyatlarında uğurlar arzulayıb, rayonda həyata keçirilən təhsil islahatlarından danışıb.

Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova Biləsuvarın ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm layihələrin icra edildiyini diqqətə çatdırıb, bunun nəticəsində də təhsildə mühüm irəliləyişə nail olunduğunu vurğulayıb. Qeyd olunub ki, son illər rayonda 13 məktəb binası tikilib, 7-si əsaslı təmir olunub.

Həyata kövrək addımlar atan məzunlar məktəb illərinin xatirələrini dilə gətirib, gələcək planlarından danışıblar. Heç vaxt doğma məktəbi unutmayacaqlarını söyləyən on birincilər müəllimlərin etimadını doğruldacaqlarına söz veriblər.

Sonra birincilər məzunları təbrik ediblər.

Son zəng mərasimi maraqlı musiqili proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.