REGİONLAR
Biləsuvarda 16 yaşayış məntəqəsində əhalinin kütləvi pulsuz tibbi müayinəsi başa çatıb
Biləsuvar, 15 aprel, Mahir Babayev, AZƏRTAC
Biləsuvarın səhiyyə ocaqlarında əhalinin kütləvi pulsuz tibbi müayinəsi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, tibbi müayinənin mütəşəkkil keçməsi üçün rayonda bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim komissiyalarının apardığı profilaktik müayinələr əhali tərəfindən böyük razılıqla qarşılanır. Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokordioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən müalicə olunmasına şərait yaradır.
Humanitar aksiyanın uğurla başa çatdırılması üçün rayon icra hakimiyyətində yaradılmış komissiya kampaniyanın gedişinə ciddi nəzarət edir, müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Aidiyyəti şəxslər, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbərləri səhiyyə işçilərinə yaxından köməklik göstərirlər.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-a bildiriblər ki, əhalinin müayinəsi 3 xəstəxana, 20 həkim və tibb müəssisəsində aparılır. 100 nəfər həkim və orta tibb personalından ibarət 3 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsindən 75 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Artıq 16 yaşayış məntəqəsi və 52 kollektivdə müayinələr başa çatdırılıb.
Aksiya çərçivəsində indiyədək 54 min 944 rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 3539 vətəndaş ambulator, 225 nəfər stasionar müalicəyə cəlb olunub. 74 xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb, 133 vətəndaş isə ixtisaslaşdırılmış səhiyyə müəssisələrində müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.