REGİONLAR
Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub
Biləsuvar, 8 fevral, AZƏRTAC
Fevralın 7-də Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyətin nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşüblər.
Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xanlar Məmmədov görüşdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd edib ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoyub. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. O, öz şərəfli ölümü, qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.
Qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Dövlətimizin başçısının digər bir Sərəncamı ilə Milli Qəhrəmanın xatirəsi əbədiləşdirilib, Biləsuvar şəhərindəki Lisey-Məktəb Kompleksi, eyni zamanda, rayonun mərkəzi küçələrindən biri onun adını daşıyır.
Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyev tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılanıb. Mübariz ölümün gözünə dik baxaraq, Vətən sevgisinin heç nə ilə əvəz olunmadığını bir daha sübut etdi. Bu şücaəti ilə Mübariz Azərbaycan gəncliyinə başucalığı gətirdi. Bu gün hər bir gənc Mübariz qəhrəmanlığından örnək alır, nümunə götürür. Təhsil və tərbiyə müəssisələrində gənclərimizə Mübariz vətənpərvərliyi aşılanır.
Milli Qəhrəmanın atası Ağakərim İbrahimov onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Sonra Mübariz İbrahimova məxsus şəkillər, haqqında yazılmış kitablar, jurnallar və qəzetlərdən ibarət böyük guşə ilə tanışlıq olub.