REGİONLAR
Biləsuvarda “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı seminar keçirilib
Bakı, 4 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar olaraq Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gəncləri üçün “Multikulturalizm Azərbaycanda həyat tərzidir” adlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov ölkəmizdəki tolerant mühit, həmçinin həyata keçirilən multikulturalizm siyasəti haqda məlumat verib, dövlət siyasətinin bu vacib komponenti ilə bağlı davamlı seminarların keçiriləcəyini bildirib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı Sərraf Hüseynov multikulturalizmin mahiyyəti, xalqımıza xas olan tolerant ənənələr, multikulturalizmin Azərbaycan modelinin özəllikləri və dünyanın tərəqqipərvər insanlarının, elm-təhsil ocaqlarının bu modeli öyrənməkdə maraqlı olmaları haqda geniş məruzə ilə çıxış edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi banisi olduğu Azərbaycan multikulturalizm modelinin formalaşmasında və bu gün dünyaya örnək kimi təqdim olunmasında dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının xidmətləri var. Biləsuvar rayonu ərazisində də ta qədimdə müxtəlif tayfaların birgə yaşaması, tarixin sonrakı dövrlərində rusların, hətta, ermənilərin də bu rayonda məskunlaşması, heç bir ayrı-seçkilik və təzyiq olmadan onların bu yerlərdə öz həyatını qurması, rayon ərazisində yerləşən məzarlıqda xristian əhaliyə məxsus qəbirlərin hazırda da ehtiramla qorunması tolerantlığın və multikulturalizmin əyani təzahürüdür.
Sonda seminarda iştirak edən gənclərin sualları cavablandırılıb və bu mövzuda seminarların davamlı təşkil olunmasına qərar verilib.