REGİONLAR
Biləsuvarda keçiriləcək seçkilərdə 125 bələdiyyə yeri uğrunda 546 iddiaçı mübarizə aparacaq
Biləsuvar, 18 dekabr, AZƏRTAC
Biləsuvar rayonunda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində 66 saylı Biləsuvar seçki dairəsi üzrə 44, 69 saylı Cəlilabad Masallı-Biləsuvar seçki dairəsi üzrə isə 8 seçki məntəqəsi təşkil edilib. Ümumilikdə 52 seçki məntəqəsi üzrə 56 min 350 seçicinin adı və soyadı seçici siyahılarına daxil edilib.
Bələdiyyə seçkilərinin demokratik və şəffaf keçirilməsi məqsədilə bütün namizədlər üçün bərabər imkanlar yaradılıb. Rayonda mövcud olan bələdiyyənin hər birinin ərazisində təbliğat-təşviqat kampaniyası üçün 20 qapalı, bir o qədər də açıq yer ayrılıb. Məntəqələrin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Seçki məntəqələri lazımi inventar və avadanlıq, dayanıqlı rabitə və enerji ilə təchiz olunub. Səsvermənin gedişini izləmək üçün 12 məntəqədə veb-kamera quraşdırılıb. Bütün məntəqələr texniki avadanlıq, dəftərxana ləvazimatları, müşahidəçilər üçün yaddaş kitabçası və təbliğat-təşviqat materialları ilə təmin edilib. Komissiya üzvlərinin fəaliyyəti üçün dairə və məntəqələrdə normal iş şəraiti yaradılıb, təşviqat materiallarını yerləşdirmək məqsədilə müvafiq yerlər ayrılıb.
Ümumiyyətlə, rayonda fəaliyyət göstərən 20 bələdiyyə üzrə 215 yer uğrunda 546 nəfər namizəd kimi qeydə alınıb. Müxtəlif partiya və hərəkatları, bitərəfləri təmsil edən 566 müşahidəçi seçki günü rayonda səsvermənin gedişini izləyəcək.