REGİONLAR
Biləsuvarda məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması başa çatmaq üzrədir
Bakı, 24 fevral, AZƏRTAC
Biləsuvar rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması artıq başa çatmaq üzrədir.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Elə bu məqsədlə dövlət qayğısı ilə əhatə olunan məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlər uğurla davam etdirilir.
Məcburi köçkünlərin yaşadığı ərazilərin qazlaşdırılaraq keyfiyyətli və davamlı təbii qazla təmin olunmaları məqsədilə “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyulan tapşırıqların icrası istiqamətində böyük iş həcmi yerinə yetirilir. Belə ki, Biləsuvar rayonu ərazisində məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbənin qazlaşdırılması artıq başa çatmaq üzrədir. 4 min 456 abonenti olan 11 qəsəbənin ilk dəfə olaraq qazlaşdırılması məqsədilə, birpilləli sistem əsasında ümumi uzunluğu 184 min 941 metr müxtəlif diametrli daşıyıcı və məhəllədaxili boru xətti çəkilir ki, bunun da 21 min 84 metri polietilen, 163 min 857 metri isə metal borulardır. Hər bir mənzil ayrılıqda sayğac və fərdi tənzimləyici ilə təmin ediləcək. Aparılan işlər dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının növbəti təzahürüdür.