REGİONLAR
Biləsuvarda qum üzərində rəsm sərgisi açılıb
Biləsuvar, 4 mart, Mahir Babayev, AZƏRTAC
Biləsuvar Rayon Dövlət Rəsm Qalereyasında gənc rəssam Banuçiçək İbayevanın qum üzərində çəkdiyi rəsmlərdən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, gənc rəssamın qum üzərində işlədiyi “Şah İsmayıl Xətai”, “Leyli və Məcnun”, “Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov” portretləri, Cəfər Cabbarlının “Solğun çiçəklər” və “Sevil”, Hüseyn Cavidin “Şeyx Sənan” əsərlərinə çəkdiyi şəkillər və digər illüstrasiyalar izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Altı-yeddi yaşlarından şəkil çəkməyə başlayan Banuçiçək deyir ki, qum üzərində şəkil çəkməyin bir sıra üstün cəhəti var. Misal üçün işlədiyin əsər ürəyincə alınmasa, onu pozub yenidən çəkmək mümkündür.
Gənc rəssam kompyuterdə də ustalıqla şəkil çəkir. Onun xüsusi proqramla işləyərək düzəltdiyi “Hind gözəli” şəkli buna sübutdur.
Banuçiçəyin ən böyük arzusu rəssam-dizayner olmaqdır. Elə bu məqsədlə də o, Bakı Dövlət Pedaqoji Universitetinin mühəndis-pedaqoq və bədii qrafika fakültəsini seçib və hazırda universitetin 2-ci kursunda oxuyur.