REGİONLAR
Biləsuvarın Əliabad kəndinə gedən yol yenidən qurulur
Biləsuvar, 1 may, Mahir Babayev, AZƏRTAC
Son vaxtlar Biləsuvarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, qəsəbə və kəndarası yollar əsaslı şəkildə yenidən qurulur. Təmir-tikinti işləri rayonda fəaliyyət göstərən 45 saylı Yol İstismar İdarəsi tərəfindən aparılır. İdarənin kollektivi cari ilin iyul ayına kimi rayonun qəsəbə və kənd yollarında təmir və yenidənqurma işləri görəcək.
AZƏRTAC xəbər verir ki, işə ilk olaraq rayonun Əliabad kəndinin yolundan başlanılıb. İki kilometr uzunluğunda olan yolunun asfalt hissəsinin eni 6 metr, qalınlığı isə 9 santimetr olacaq. Yol tikintisində bütün işlər texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə aparılır. Əliabad kəndinə gedən yolun inşası başa çatdıqdan sonra təmir-tikinti işləri, ümumilikdə, 20 min əhalisi olan Xırmandalı, Bəydili və Zəhmətabad kəndlərində də davam etdiriləcək.
Əliabad kənd yolunda təmir işləri yaxın günlərdə başa çatdırılacaq.