REGİONLAR
Biləsuvarın Əsgərabad kənd tam orta məktəbi əsaslı təmir olunur
Biləsuvar, 7 iyul, Mahir Babayev, AZƏRTAC
Biləsuvar rayonunun Əsgərabad kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, ötən əsrin 70-ci illərində inşa olunmuş məktəbdə bu günədək heç bir təmir işləri aparılmayıb. Bu səbəbdən də məktəbdə təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulmasında bir sıra çətinliklər ortaya çıxıb. Yaranmış vəziyyətin aradan qaldırılması üçün bu günlərdə məktəbdə təmir-bərpa və gücləndirmə işlərinə başlanılıb. 480 yerlik məktəb binası demək olar ki, yenidən tikiləcək. Məktəbdə ayrıca isitmə sistemi olacaq, elektrik, qaz və su xətləri çəkiləcək, qapalı idman zalı və açıq futbol meydançası tikiləcək, sinif otaqları, fənn kabinetləri, laboratoriya, akt zalı və digər yardımçı otaqlar yenidən qurulacaq. Təhsil ocağı yeni avadanlıq və inventarla təchiz olunacaq. Ümumiyyətlə məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün bütün imkanlar yaradılacaq.
Təmir işlərinin 15 sentyabr - Bilik gününə kimi başa çatdırılması nəzərdə tutulub.