REGİONLAR
Biləsuvarlılar pulsuz tibbi müayinə aksiyasını razılıqla qarşılayırlar
Biləsuvar, 3 mart, Mahir Babayev, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam edir. Humanitar aksiya çərçivəsində rayonda 3 xəstəxana, 21 həkim və feldşer məntəqəsində 90 həkim və 297 orta tibb personalından ibarət 7 həkim briqadası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsində 97 mindən çox yerli sakinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, Biləsuvarda sakinlərin kütləvi dispanserizasiyası üçün səhiyyə ocaqlarında hər cür şərait yaradılıb. Rayon mərkəzi xəstəxanasının şöbələrində sakinlərin kompleks müayinəsi aparılır. Aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət peşəkar həkim briqadalarının apardığı profilaktik müayinələr əhali tərəfindən razılıqla qarşılanır.
Humanitar aksiya idarə, müəssisə və təşkilatlarla yanaşı, kənd və qəsəbələrdə də mütəşəkkilliklə davam edir. Aparılan kütləvi izahat və təbliğat işinin nəticəsində əhali böyük fəallıqla tibb müəssisələrinə müraciət edir. Rayon icra hakimiyyətində yaradılmış xüsusi komissiya aksiyanın gedişini ciddi nəzarətdə saxlayır.
Ultrasəs müayinəsi, laboratoriya, rentgenoloji, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin erkən aşkarlanmasına və müalicəsinə şərait yaradır. Fevralın 2-dən bu günədək 38672 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Xəstəlik aşkar olunmuş 338 nəfər ambulator, 21 nəfər stasionar müalicəyə cəlb olunub, 19 xəstə isə Bakı şəhərindəki səhiyyə ocaqlarına göndərilib.