QAN YADDAŞI
Bilik Fondu Qaradağda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirib
Bakı, 30 mart, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanına əsasən hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qaradağ rayonundakı 320 nömrəli orta məktəbdə soyqırımı gününə həsr olunmuş tədbir keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər belə tədbirlərin Azərbaycan tarixinin öyrənilməsində və təbliğində böyük əhəmiyyət daşıdığını, bu tarixi dərslərdən nəticə çıxarmağın vacibliyini vurğulayıblar.
Bildirilib ki, azərbaycanlıların soyqırımı XX əsrdə mərhələlərlə aparılıb, bu mənfur siyasət hələ I Pyotr dövründən başlayıb.
Natiqlər məktəbliləri daha çox maariflənməyə, Azərbaycan tarixinə qara hərflərlə yazılan faciələri dərindən öyrənməyə, unutmamağa çağırıblar.
Tədbirdə məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya göstərilib.