ELM VƏ TƏHSİL
Bilik Fondu Ukraynalı həmkarları ilə əlaqə qurdu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu Kiyevdə Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru, professor Vasil Kuşerets və cəmiyyətin elmi katibi, əməkdar jurnalist Vasil Vasilaşko ilə görüşüb.
Bilik Fondunun İnformasiya Təminatı sektorundan AZƏRTAC-a bildiriblər ki, Bilik Fondunun fəaliyyəti barədə məlumat verən C.Musaoğlu Ukrayna Bilik Cəmiyyətini Azərbaycanın Bilik Fondu ilə əməkdaşlığa dəvət edib.
Əməkdaşlıq təklifindən məmnun olduğunu bildirən Ukrayna Bilik Cəmiyyətinin icraçı direktoru V.Kuşerets rəhbərlik etdiyi cəmiyyətin gördüyü işlərdən danışıb.
Xatırladaq ki, Bilik Fondu Praqada “Azərbaycanın geologiya elmi Çexiyada” adlı sərgi keçirməyə hazırlaşır. Dekabrın əvvəlinə planlaşdırılan sərgidə Azərbaycana aid geoloji minerallar, süxurlar, xəritələr, kitablar nümayiş olunacaq. Sərgidə Azərbaycanı tanınmış geoloqlar təmsil edəcək.
Fond Türkiyə ilə əlaqələrə daha böyük önəm verir. Noyabrın 8-16-da Türkiyənin İstanbul şəhərində xarici nəşriyyatların, maarifləndirmə işi ilə məşğul olan təşkilatların və fondların iştirakı ilə keçiriləcək 33-cü Beynəlxalq Kitab Yarmarkasına Bilik Fondunun nümayəndəsi də qatılacaq.