QAN YADDAŞI
Bilik Fondu Xocalı şəhidlərinin xatirəsini yad edir
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Xocalı faciəsinin 23-cü ildönümü ərəfəsində xaricdə, paytaxtda və rayonlarda şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun təşkilatçılığı ilə Xocalı soyqırımından bəhs edən mühazirələr deyilib, əməkdaşlar müxtəlif tədris müəssisələrində soyqırımı qurbanlarını anma, Xocalı dəhşətlərini əks etdirən kitabların təqdimat mərasimlərinə qatılıblar.
Fondun əməkdaşları və könüllüləri Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Bilik Fondunun təşkilatçılığı ilə ölkəmizdə və onun hüdudlarından kənarda Xocalı faciəsinə həsr olunan tədbirlər keçirilib.
Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və mərkəzin müdiri Yaşar Alxasovun iştirakı ilə Xocalı şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib. O.Səmədov 1992-ci il fevralın 26-da erməni işğalçıları tərəfindən törədilən dəhşətli qətliam barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Onun sözlərinə görə, bu qətliam bütün bəşər tarixinə qarşı yönələn vəhşilik və yaddaşlarda iz buraxan qanlı hadisədir. İcraçı direktor, həmçinin Xocalı soyqırımının ilk dəfə beynəlxalq müstəvidə tanıdılması, eləcə də erməni faşizminin ifşası ilə bağlı ulu öndər Heydər Əliyevin gördüyü işləri xatırladıb, bütün dünyada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından söhbət açıb.
Bilik Fondunun beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Türkiyənin Doğu Akdeniz Universitetində müəllim və tələbələrlə keçirdiyi görüşlərdə Xocalı faciəsi, onun acı nəticələri barədə ətraflı məlumat verib. R.Məmmədzadə bildirib ki, xalqımıza qarşı törədilən bu soyqırımında cinayətkar erməni əsgərlərinin vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülüb.
Beyləqan Gənclər Mərkəzində “Vətən” kuboku uğrunda intellektual bilik yarışmasına başlamazdan öncə Bilik Fondunun yerli nümayəndəsi Gülbəniz Cəfərova 1992-ci il fevralın 25-dən 26-na keçək gecə Xocalıda ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliam barədə məktəblilərə ətraflı məlumat verib.
Xocalı faciəsinin qurbanları Ağstafa şəhər 1 nömrəli tam orta məktəbində də yad edilib. Faciəni əks etdirən sənədli filmin nümayişindən sonra məktəblilər şeirlər söyləyib, səhnəciklər göstəriblər.
"Xocalı faciəsi uşaqların gözü ilə" mövzusunda “dəyirmi masa” isə Bilik Fondunun təşkilatçılığı ilə Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib.
Əvvəlcə Xocalı faciəsinə aid videofilm nümayiş olunub. Sonra şagirdlər Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün görülən işlərdən söhbət açıblar. Məktəblilər Xocalı faciəsində şəhid olmuş soydaşlarımızın xatirəsini əbədiləşdirmək üçün hər bir rayonda abidə ucaldılmasını və ermənilər tərəfindən xalqımıza qarşı qətliamlar törədilmiş zonalara ekskursiyalar təşkil olunmasını təklif ediblər.