ELM VƏ TƏHSİL
Bilik Fondu ali məktəblərdə silsilə görüşlər keçirir
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu həftə ərzində ali təhsil ocaqlarında müəllim və tələbələrlə görüşlər keçirib.
Fondunun informasiya təminatı sektorundan AZƏRTAC-a bildiriblər ki, həftənin ilk görüşü Azərbaycan Turizm İnstitutunda (ATİ) olub.
Görüşdə ATİ-nin rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov maarifçilik missiyası daşıyan Bilik Fondunun fəaliyyətini diqqətlə izlədiyini, həyata keçirilən layihələrin cəmiyyətin inkişafına dəstək verdiyini bildirib.
Fondun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun cəmiyyətin hər bir təbəqəsinə diqqət ayırdığını, Bilik Fondunun səmərəli təkliflərə açıq olduğunu söyləyib.
Fondun əməkdaşları müəllim və tələbələrin suallarını cavablandırıblar.
Növbəti görüş Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) olub. Tədbirdə Fondun həyata keçirdiyi layihələr barədə slaydlar göstərilib. Görüş iştirakçılarının suallarını cavablandıran O.Səmədov onları Fondun layihələrində fəal iştirak etməyə çağırıb. AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı təklifi müsbət dəyərləndirib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən görüşdə bu ali məktəbin rektoru, Milli Məclisin deputatı, professor Ağacan Abıyev maarifçilik missiyasının əhəmiyyətindən danışıb, Bilik Fondunun fəaliyyətinin cəmiyyətin inkişafında önəmini vurğulayıb.
Fondun nizamnaməsində sağlam həyat tərzinin təbliğinə, idmanın inkişafına dəstək verilməsi ilə bağlı müddəaların yer aldığını xatırladan O.Səmədov Akademiyanın müəllim və tələbələri ilə bu istiqamətdə əməkdaşlığın vacibliyini vurğulayıb.
Bilik Fondunun təqdimatı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də maraqla qarşılanıb. Universitetin elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə birgə əməkdaşlıq planı hazırlamağı təklif edib. Fondun icraçı direktoru bildirib ki, incəsənət nümayəndələri kreativ üsullardan yararlanaraq cəmiyyətin məlumatlandırılması prosesini sürətləndirə bilərlər.