ELM VƏ TƏHSİL
Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir.
Fonddan AZƏRTAC -a bildiriblər ki, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) “Ali təhsilin keyfiyyəti: tələbələrin praktik hazırlığının məzmunu və təşkilinin təkmilləşdirilməsi” mövzusunda 40-cı Beynəlxalq elmi-metodik konfrans keçirilib.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Ukrayna, Belarus və Azərbaycan nümayəndələrinin qatıldıqları konfransın açılış mərasimində iştirak edib. İcraçı direktor tələbələrin elmi biliklərinin artırılmasında əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının rolundan danışıb, Azərbaycanda ölkə rəhbərinin müvafiq Fərmanı ilə fəaliyyətə başlamış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi beynəlxalq layihələr, xarici ölkə mütəxəssislərinin, alim və tədqiqatçıların universitet auditoriyalarında mühazirə və təlimlərinin təşkili barədə geniş məlumat verib.
Konfransda PİTU-nun müraciətinə cavab olaraq universitetlə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb.
Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin Fəxri professoru olduğu PTİU-da 300-dək azərbaycanlı bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alır. Bu ali məktəbin nəzdində Bakı Slavyan Universitetinin dəstəyi ilə Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.
Fondun icraçı direktoru konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Poltava Vilayət Radasının sədri, Ukrayna İqtisadi Elmlər Akademiyasının vitse-prezidenti, Ukraynanın Mərkəzi İstehlakçılar Cəmiyyətləri Birliyi idarə heyətinin və Belarusun Ticarət-İqtisadiyyat Universitetinin rəhbərliyi, PİTU-nun fakültə dekanları və kafedra müdirləri, doktorant və magistrantlarla fikir mübadiləsi aparıb.
Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsi ilə bağlı məlumatları böyük maraqla qarşılayan Poltavanın İ.Kotlyarevski adına 1 nömrəli çoxprofilli şəhər liseyinin direktoru N.Verqal rəhbərlik etdiyi təhsil ocağının bu layihəyə qatılmaq istəyini diqqətə çatdırıb və liseylə yaxından tanış olan O.Səmədovla layihəni müzakirə edib.
Universitetin Azərbaycan Tədris-Mədəniyyət Mərkəzində O.Səmədovun və Mərkəzin müdiri Y.Alxasovun, həmçinin universitetin müəllim və tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. PİTU-da təhsil alan azərbaycanlı gənclər həmyaşıdları olan ukraynalı tələbələrə Xocalı faciəsi barədə geniş məlumat veriblər.
Azərbaycanda 2015-ci ilin kənd təsərrüfatı ili elan edilməsi ilə əlaqədar olaraq O.Səmədov Poltava Dövlət Aqrar Akademiyasında işgüzar görüşlər keçirib, geniş fikir mübadiləsi aparılıb.