ELM VƏ TƏHSİL


Bilik Fondu ideoloji və sosial maarifləndirmə işi aparır

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsi istiqamətində fəaliyyətin daha da genişləndirilməsi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndirici tədbirlər keçirib.

İyunun 1-dən 15-dək Bilik Fondu yerli icra hakimiyyətləri ilə birgə Bakıda və bölgələrdə “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil edib.

Bakı, Gəncə, Sumqayıt, Şirvan, Naftalan şəhərlərində, Beyləqan, Bərdə, Biləsuvar, Hacıqabul, Qazax, Astara, Yardımlı, Xaçmaz, Quba, Qusar, Ağsu, Şamaxı, Abşeron, Ağdam, Tovuz, Şuşa, Ağstafa və Şəmkir rayonlarında yerli ictimaiyyətin nümayəndələri – gənclər, ziyalılar, bölgələrdəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin əməkdaşları üçün tanınmış elm və dövlət xadimlərinin, Milli Məclis üzvlərinin 46 mühazirəsi təşkil olunub.

Mühazirələrdə çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli lider Heydər Əliyevin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti, müstəsna yeri və rolu barədə ətraflı məlumat verilib. Fondun mühazirəçiləri bildiriblər ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və gərgin əmək nəticəsində Azərbaycan regionun aparıcı dövlətinə çevrilib. Azərbaycan dünyada yüksək nüfuza malik olan ölkə kimi tanınır, dövlətimiz bir çox mötəbər beynəlxalq təşkilatlarda təmsil olunur. Ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, paytaxt Bakı bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.

Bilik Fondunun mühazirəçiləri – akademik Möhsün Nağısoylu, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri Könül Bünyadzadə, Misir Mərdanov və Musa Qasımlı, Milli Məclisin deputatları Elman Nəsirov, Qənirə Paşayeva, Tahir Mirkişili, Aydın Mirzəzadə, Pərvin Kərimzadə, Rəfail Cəbrayılov, professorlar Əlikram Abdullayev, Elçin Əhmədov, Əmir Əliyev, Kərim Tahirov, Anar İsgəndərli, Nazim Cəfərli, tanınmış jurnalistlər Vüqar Rəhimzadə, Yadigar Məmmədli, Sevinc Əliyeva, Tofiq Abbasov və başqaları şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində, kənd və qəsəbələrin mədəniyyət evləri və təhsil ocaqlarında interaktiv mühazirələrdə sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə edilən sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıblar.

Mühazirələrdə, həmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfrans və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.

Tədbirlərə qatılan yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub, mühazirəçilərə suallarını ünvanlayıblar. Gələcəkdə Fond tərəfindən təşkil olunacaq maarifləndirici mühazirələrin mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.