REGİONLAR


Bilik Fondu ilə Abşeron rayon Heydər Əliyev Mərkəzi arasında niyyət protokolu imzalanıb

Xırdalan, 23 may, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Abşeron rayonu Heydər Əliyev Mərkəzi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Xırdalandakı Heydər Əliyev Mərkəzində keçirilən imzalanma mərasimində Bilik Fondunun Abşeron rayon nümayəndəsi Teyyubə Hüseynova rayon ərazisində həyata keçirilən layihələrdən danışıb.

Bildirilib ki, niyyət protokoluna əsasən dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan quruculuq işlərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ulu öndər Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyata keçirilməsi nəzərdə tutulur.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov ölkədə aparılan maarifləndirmə siyasətinin uğurlarından söz açaraq, Bilik Fondunun bu istiqamətdə böyük işlər gördüyünü, təmsil etdiyi icra hakimiyyətinin bu fəaliyyətə dəstək verməyə hazır olduğunu bildirib. Abşeron rayon Heydər Əliyev Mərkəzində yüksək səviyyədə şərait olduğunu xatırladan F.Cəbrayılov Mərkəzlə əhali qruplarının sıx təmasda olmasına Fondun böyük təkan verəcəyinə əminliyini vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ilk görüşün “Multikulturalizm İli”ndə keçirildiyini və nəticədə Fondun dəstəyi ilə müxtəlif səpkili elmi, mədəni, kütləvi tədbirlərin reallaşdırıldığını xatırladaraq, “İslam Həmrəyliyi İli”ndə xarakterik tədbirlərin daha da intensiv olacağını deyib.

Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru Tükəzban Həsənova Bilik Fondu ilə əməkdaşlığın rəsmiləşdirilməsinin birgə fəaliyyətə güclü təkan verəcəyini söyləyib.

Tədbirin ikinci hissəsində 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə imtahan verməyə hazırlaşan abituriyentlərin test imtahanlarına psixoloji cəhətdən hazırlığının təmin edilməsi məqsədi ilə Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun məktəblərin psixoloqları, müəllimlər, valideynlər və şagirdlərlə görüşü olub.

Bilik Fondu və Abşeron rayon Heydər Əliyev Mərkəzinin təşkil etdiyi görüşdə təcrübəli psixoloq “Abituriyentlərin qəbul imtahanlarına psixoloji hazırlığı” mövzusunda seminar keçib, iştirakçılar psixoloji maarifləndirici slayd izləyiblər.

Sonda birinci qəbul imtahanında 600-dən çox bal toplayan abituriyentlərə Bilik Fondunun “Ev kitabxanası” layihəsi çərçivəsində kitablar hədiyyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.