ELM VƏ TƏHSİL
Bilik Fondu ilk Avropa Oyunlarında iştirak edən könüllülərini mükafatlandırıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Bakı-2015” birinci Avropa Oyunlarında fəal iştirak edən könüllülərlə görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun icraçı direktoru Oqtay Səmədov ölkəmizdə böyük uğurla keçirilmiş birinci Avropa Oyunlarının əsl idman bayramına çevrilməsi ilə yanaşı, Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ümumilikdə isə azərbaycançılığın təbliğində önəmli rol oynadığını vurğulayıb. İcraçı direktor ilk Avropa Oyunlarını böyük tarixi hadisə kimi dəyərləndirən Prezident İlham Əliyevin könüllülərin bu möhtəşəm tədbirdə fəal iştirakını yüksək qiymətləndirdiyini xatırladıb. O deyib: “Dövlətimizin başçısı siz gənclərin bizim üçün qürur mənbəyi olduğunuzu, gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışdığınızı söyləyib. Doğurdan da, könüllülər birinci Avropa Oyunlarının davam etdiyi 17 gün ərzində ölkəmizin nə qədər böyük potensiala və gücə malik olduğunu göstərdilər”.
Birinci Avropa Oyunlarının təşkilində 17 mindən çox könüllünün iştirak etdiyini xatırladan O.Səmədov Bilik Fondunun könüllülərinin də bu möhtəşəm idman bayramında fəallıq nümayiş etdirmələrinin qürurverici olduğunu vurğulayıb.
Sonra könüllülər Avropa Oyunlarına hazırlıq məşqlərindən və fəaliyyətlərindən, gördükləri işlərdən danışıb, maraqlı xatirələrini bölüşüblər. Gənclər Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyan beynəlxalq səviyyəli tədbirdə iştirakdan məmnunluqlarını bildiriblər. İlk Avropa Oyunlarının onların həyat və iş təcrübəsində böyük rol oynayacağına əminliklərini ifadə edən könüllülər xarici idmançıların və turistlərin vətənimiz haqqında heyranlıqla söz açmalarından qürur hissi keçirdiklərini söyləyiblər.
Sonda Bilik Fondunun Könüllülər Birliyinin Avropa Oyunlarında fəallıq göstərən üzvlərinə təşəkkürnamə və hədiyyələr təqdim olunub.