CƏMİYYƏT
Bilik Fondu peşəyönümlü maarifləndirmə işini davam etdirir
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və aparat rəhbəri İsaxan Vəliyev “Auto Azərbaycan” şirkəti idarə heyətinin sədri Nasir Seyidzadə ilə görüşüblər.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə fond ilə şirkətin uğurlu əməkdaşlığının davam etdirilməsi, birgə həyata keçirilən layihələrin inkişafı və perspektivləri müzakirə olunub.
N.Seyidzadə Bilik Fondu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, fondun təşkilatçılığı ilə keçirilən və avtomobillərə texniki xidmət üzrə mütəxəssis hazırlığını nəzərdə tutan təlimlərdə gənclərin həvəslə iştirak etdiklərini vurğulayıb. Bildirilib ki, təlimin nəticələrinə görə fərqlənən iki gənc artıq “Auto Azərbaycan” şirkətində, digərləri isə müxtəlif texniki xidmət müəssisələrində işlə təmin olunub.
O.Səmədov Fondun təşkilatçılığı ilə gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlər keçdiyinə görə şirkətin rəhbərliyinə və təlimçilərə təşəkkürünü bildirib. Fondun icraçı direktoru xatırladıb ki, rəhbərlik etdiyi qurumun “İlboyu bilik” proqramı çərçivəsində şirkət Bakının bir sıra kəndlərində yaşayan gənclər üçün ödənişsiz təlimlər keçib. Bilik Fondunun təşkilatçılığı ilə Nardaran və Maştağadan olan, avtomobil ustalığına maraq göstərən, müəyyən bilik və bacarığa malik gənclər bu kursda peşəkarlıq vərdişlərinə yiyələniblər.
Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev bildirib ki, təmsil etdiyi qurum bu istiqamətdə iki dəfə təlim kursları keçirib. Artıq Qax Bilik evində “Auto Azərbaycan” MMC ilə əldə edilən razılaşma əsasında 12 gənc avtoçilingər peşəsi üzrə üçaylıq təlim kursuna qatılıb və müvafiq sertifikatlar əldə edərək işlə təmin olunublar.
Görüşdə “Auto Azərbaycan” şirkətində işçilər və müştərilər üçün kitabxananın yaradılması, uşaq evlərində böyümüş gənclərin avtomobillərə texniki xidmət üzrə usta hazırlığı kurslarında ödənişsiz təlimlərə cəlb olunmaları, məktəblilərin nümunəvi xidmət müəssisəsi olan şirkətə ekskursiyalarının təşkili, Bilik evlərində şirkətin yüksək ixtisaslı yerli və xarici təlimçilərinin ustad dərslərinin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.