CƏMİYYƏT
Bilik Fondu referendumla bağlı maarifləndirmə işləri aparır
Bakı, 6 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında” Prezident İlham Əliyevin 2016-cı il 26 iyul tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Tədbirlər Planı işlənib hazırlanıb, respublikamızın tanınmış hüquqşünaslarından ibarət Koordinasiya Şurası yaradılıb.
Bu barədə Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev AZƏRTAC-a müsahibəsində bildirib. Onun sözlərinə görə, Konstitusiyaya təklif olunan dəyişikliklərin hər müddəasi Şura iclasında müzakirə edilib, hər maddə üzrə KİV-də yazı, şərhlərlə çıxış edəcək alimlər müəyyənləşdirilib. Referendum Aktının layihəsinin hər müddəasının şərhinə dair tövsiyə xarakterli tezislərin əks olunduğu kitab nəşrə hazırlanıb.
İ.Vəliyev diqqətə çatdırıb ki, Şuranın üzvləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq çərçivəsində təhsil, mədəniyyət, elm, istehsalat müəssisələrində referendumun mahiyyəti barədə yerlərdə ictimaiyyət nümayəndələrinin iştirakı ilə izahat xarakterli görüşlərə, maarifləndirici mühazirələrə başlayıb. Ölkəmizdə yaşayan xarici vətəndaşlar üçün referendumun mahiyyəti barədə məlumatlandırma sessiyasının keçirilməsi, MSK ilə birgə Bilik Fondunun könüllüləri və referendumda ilk dəfə iştirak edəcək gənclərlə informasiya görüşlərinin təşkili, Qax, Oğuz, İsmayıllı, Nardaran, Astara, Şəmkir Bilik evlərində təşviqat materiallarının, əyani vəsaitlərin, guşələrin yaradılması, təşviqat qruplarının təşkili də qərara alınıb. Təklif olunan dəyişikliklərlə bağlı xarici mətbuatda məqalələrin dərc edilməsi də nəzərdə tutulub. Bilik Fondunun şəhər və rayon nümayəndəlikləri regionlarda keçirilən tədbirlərdə yerli ictimaiyyət nümayəndələrinin fəal iştirakına, cəmiyyətin müxtəlif təbəqələrinin təmsilçilərinin daha geniş cəlb olunmasına səy göstərir.