ELM VƏ TƏHSİL
Bilik Fondu regionlarda mühazirələr keçirib
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İdeoloji, sosial və elmi maarifləndirmə” proqramı üzrə Sumqayıt, Qusar, Astara, Şuşa, Şəmkir və Qazax rayonlarının ictimaiyyəti üçün “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə Milli Məclisin deputatı Tahir Mirkişili “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə oxuyub.
Sumqayıt şəhər S.Rüstəmov adına 3 nömrəli musiqi məktəbində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyevin “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda mühazirəsi maraqla dinlənilib.
Qusar Rayon İcra Hakimiyyəti və Bilik Fondunun birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzində və rayonun Kərim Kərimov adına Hil kənd tam orta məktəbində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu direktorunun müavini Eynulla Mədətli “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, fondun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla “İlham Əliyev siyasətində tarix, mədəniyyət və dil məsələləri” mövzularında mühazirələrlə çıxış ediblər.
Astarada Lənkəran Dövlət Universitetinin müəllimi Mehman Əliyev, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi Xaqan Balayev dövlət siyasətinin başlıca istiqamətləri barədə məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən bəhs ediblər.
Paytaxtın Ramana qəsəbəsində məskunlaşmış Şuşa rayonu Malıbəyli kənd tam orta məktəbində BDU-nun professoru Əfsər Sadıqovun “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi ümummilli lider Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən, dövlət idarəçiliyi sahəsindəki böyük məharəti və zəngin təcrübəsindən danışıb.
Şəmkir Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti ilə birgə keçirilən tədbirdə Bilik Fondunun dövlətçiliyin və azərbaycançılıq ideologiyasının təbliği istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib, təşkil olunan silsilə mühazirələrin əhalinin ideoloji maarifləndirilməsi işində böyük əhəmiyyət daşıdığı bildirilib.
BDU-nun professoru Nuru Məmmədov və Azərbaycan Texniki Universitetinin kafedra müdiri Əyyub Kərimovun mühazirələri dinlənilib.
Daha bir mühazirə Qazax Heydər Əliyev Mərkəzində yerli icra hakimiyyəti ilə birgə təşkil olunub.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzusunda mühazirə ilə çıxış edib. Bildirilib ki, ulu öndər Heydər Əliyev bugünkü qüdrətli Azərbaycanın milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən siyasi strategiyanın əsas istiqamətlərini müəyyənləşdirib. Bu gün də düşünülmüş xarici və daxili siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaradır.
Mühazirələrdə ictimaiyyət nümayəndələri müasir dövrün aktual məsələləri ilə bağlı mütəxəssislərlə fikir mübadiləsi aparıblar, suallar cavablandırılıb.