ELM VƏ TƏHSİL
Bilik Fondu tələbələr arasında bilik yarışı keçirib
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Qafqaz Albaniyasının İntibahı” və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihələri çərçivəsində “Qarabağ tarixi haqqında nə bilirik: Qafqaz Albaniyası dövrü” mövzusunda Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsi tələbələrinin bilik müsabiqəsi keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə fondun icraçı direktor Oqtay Səmədov rəhbərlik etdiyi qurumun layihələri çərçivəsində həyata keçirilən elmi turlar, “dəyirmi masa”lar, mühazirələr haqqında iştirakçılara məlumat verib.
Müsabiqədə 20 dəqiqə ərzində komandalar 20 sualı cavablandırıblar. Düzgün cavabların sayı baxımından hər iki komanda eyni nəticə göstərib.
Bilik müsabiqəsinin nəticələrini tarixçi alimlər – tarix üzrə fəlsəfə doktorları Təvəkkül Əliyev, Qoşqar Qoşqarlı, Mübariz Xəlilov, Naibə Əhmədova, Mehman Abdullayev qiymətləndirib, tələbələrə tövsiyələrini veriblər.
Tədbirdə “Qafqaz Albaniyası – gecikmiş həqiqətlər” sənədli filmi nümayiş olunub.
Sonda hər iki komandaya Bilik Fondunun fəxri fərmanları, iştirakçılara təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Tədbirdə iştirak edən tələbələr fondun Könüllülər Birliyinin sıralarına daxil olublar.