ELM VƏ TƏHSİL
Bilik Fondu uşaqlara və gənclərə kitablar hədiyyə edib
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə uşaq və yeniyetmələr arasında mütaliənin təbliği istiqamətində bir sıra tədbirlər keçirib. Belə ki, “İmzalı görüş” layihəsi çərçivəsində Pirşağıdakı Xocalı şəhər 2 nömrəli tam orta məktəbdə uşaq yazarı Mehriban Nağıyeva ilə görüş təşkil olunub.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin kollektivi ilə yanaşı, fondun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova, aparıcı məsləhətçi Ramilə Qurbanlı və məsləhətçi Elvin Hətəmov iştirak ediblər.
Məktəbin direktoru Fiqurə Rüstəmova Bilik Fondu tərəfindən həyata keçirilən maarifləndirici layihələrin təqdirəlayiq olduğunu deyib. Vurğulanıb ki, uşaqların yazarlarla görüşü onların həyatında mühüm iz buraxır.
Sonra M.Nağıyeva məktəblilərə maraqlı şeirlər və nağıllar oxuyub, onların suallarını cavablandırıb.
“İmzalı görüş” layihəsi çərçivəsində növbəti tədbir Nizami rayonu 1 nömrəli uşaq evində keçirilib. Yazar Sevinc Nuruqızı ilə keçirilən görüşdə balaca oxuculara mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışılıb.
Nardaran Bilik Evində keçirilən tədbirdə isə Bilik Fondunun əməkdaşları Ceyhun Musaoğlu və Aynur Seyidova yeniyetmə və gənclərə kitabların faydasından bəhs ediblər. Bildirilib ki, mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, həyata obyektiv baxışın formalaşmasına kömək edir.
Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə Oğuz Bilik Evində də tədbir təşkil olunub. Bilik Evinin direktoru Anar Məcidov mütaliənin tədris, təhsil və tərbiyə funksiyaları barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, bu funksiyalar insanın məktəbə getdiyi ilk dövrdən ömrünün sonunadək intellektual fəaliyyətində ifadə olunur.
Gənclər kitabların onların həyatındakı rolundan bəhs ediblər.
Keçirilən tədbirlərdə uşaq və gənclərə kitablar hədiyyə olunub.