ELM VƏ TƏHSİL
Bilik Fondunda “Əsrin müqaviləsi”nin 20 illiyi ilə bağlı tədbir keçirilib
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Prezidentin fərdi təqaüdçüsü, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü İdris Rzabəyov və Azərbaycan Dövlət Neft Akademiyasının ümumi, tarixi geologiya, hidrogeologiya və neft-mədən geologiyası kafedrasının dosenti, Beynəlxalq Ekologiya Elmləri və Beynəlxalq Mineral Ehtiyatlar Elmləri akademiyalarının həqiqi üzvü İslam Tağıyev ilə görüş keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə qonaqlar Azərbaycanın neft sənayesinin tarixi və müasir inkişafı barədə ətraflı məlumat veriblər. “Əsrin müqaviləsi”nin imzalanmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayan qonaqlar Azərbaycan neftinin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən söz açıblar.
İyirmi il əvvəl Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi və "hasilatın pay bölgüsü" haqqında “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan İdris Rzabəyov bu sənədin tarixi, siyasi və beynəlxalq əhəmiyyətindən danışıb.
"Əsrin müqaviləsi"ndə dünyanın səkkiz ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etdiyini xatırladan İslam Tağıyev bu müqavilənin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını deyib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının gənc alimlərindən Zeynəddin Şabanov, İlham Soltanov, Ağasəlim Həsənov, sosioloq Əhməd Qəşəmoğlu, Bilik Fondunun əməkdaşları və könüllü tələbə qrupunun üzvləri iştirak ediblər.