CƏMİYYƏT
Bilik Fondunda “Əsrin müqaviləsi”nin ildönümü qeyd olunub
Bakı, 20 sentyabr, AZƏRTAC
“Əsrin müqaviləsi”nin imzalanmasının 22-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda alimlərlə görüş keçirilib. Görüşdə Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri iştirak ediblər.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun icraçı direktoru Oqtay Səmədov fond tərəfindən əhalinin maarifləndirilməsi səmərəliliyinin artırılması məqsədilə mütəmadi tədbirlər keçirildiyini vurğulayıb. Azərbaycanın neft sənayesinin tarixi və müasir dövrdə inkişafı barədə ətraflı məlumat verən O.Səmədov “Əsrin müqaviləsi”nin imzalanmasında ümummilli lider Heydər Əliyevin rolunu xüsusi vurğulayıb, neftimizin tarix boyu dünya iqtisadiyyatına və energetikasına verdiyi töhfədən danışıb.
İyirmi iki il əvvəl Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü”nə dair “Əsrin müqaviləsi”nin imzalandığını xatırladan Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev bu sənədin tarixi, siyasi və beynəlxalq əhəmiyyətindən danışıb. Müqaviləyə dünyanın səkkiz ölkəsinin 13 ən məşhur neft şirkətinin imza atdığını vurğulayan İ.Vəliyev bu sənədin sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdığını, bununla da beynəlxalq aləmdə ölkəmizin təhlükəsizliyinin daha da etibarlı təmin olduğunu deyib.
Sonra hüquq üzrə elmlər doktoru Fazil Zeynalovun müəllifi olduğu, Fransa və Kanadada ingilis dilində çapdan çıxmış “Azərbaycan neft və qaz ehtiyatları: ölkənin regional enerji həbinə çevrilməsi” kitabı tədbir iştirakçılarına təqdim edilib. Nəşrin yazılma zərurətindən danışan müəllif Azərbaycanın neft strategiyasının ölkənin inkişafındakı faydasından söz açıb.
Tədbirdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun əməkdarları, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev və siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev neft strategiyasının uğurlarından söz açıb, təqdim edilən kitab haqqında fikirlərini bölüşüblər.