ELM VƏ TƏHSİL
Bilik Fondunda Nardaran ziyalılarından ibarət komissiyanın ilk toplantısı olub
Bakı, 16 mart, AZƏRTAC
Nardaran əsilli elm adamları və din alimlərinin irsinin öyrənilməsi, akademik səviyyədə təbliği məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun nəzdində yaradılmış Komissiyanın martın 16-da ilk toplantısı olub.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, toplantıda Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təmsilçisi Ceyhun Məmmədov fəaliyyət planının hazırlanması üçün Nardaran əhalisi arasında ideoloji istiqamətdə maarifləndirmə işləri aparmaq məqsədilə yaradılan komissiya üzvlərinin təkliflərinə ehtiyac olduğunu bildirib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov komissiyanın əsasnaməsinin hazırlanması təklifi ilə çıxış edib. Müasir tələblərə əsaslanaraq milli-mənəvi dəyərlərin təbliğini özündə əks etdirəcək əsasnamənin hazırlanmasında Nardaran ziyalılarını fəal olmağa çağıran icraçı direktor bildirib ki, ətraf kəndlərin ictimai xadimlərini də bu prosesə cəlb etmək məqsədəuyğundur. İcraçı direktor Nardaran qəsəbəsində müxtəlif məzmunlu maarifləndirici tədbirlər keçiriləcəyini, bu tədbirlərə Nardaran Bilik Evinin təşkilati dəstək verəcəyini diqqətə çatdırıb.
Nardaran Bilik Evinin direktoru, Milli Məclisin deputatı Dilarə Əliyeva rəhbərlik etdiyi qurumun Bilik Fondunun dəstəyi ilə gördüyü maarifləndirmə işlərindən söz açıb və belə tədbirlərin əhatə dairəsinin genişləndirilməsinin vacibliyinə toxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dövlətin Nardaranda həm iqtisadi, həm siyasi, həm də sosial baxımdan çox böyük irəliləyişlərə nail olduğunu bildirib. G.İsmayılov problemlərin məlumatsızlıqdan, yaxud yanlış təbliğatdan yarandığını diqqətə çatdıraraq nardaranlılarla mütəmadi ünsiyyət saxlanılmasının gərəkli olduğunu, bu prosesin məhz müxtəlif səpkili tədbirlər çərçivəsində həyata keçirilməsinin üstünlüklərini sadalayıb.
Tədbirdə komissiya üzvü olan Nardaran ziyalıları maraqlı təkliflər irəli sürüblər, Bilik Fondunun təşkilatçılığı ilə görüləcək işlərə dəstək verməyə hazır olduqlarını bildiriblər.