ELM VƏ TƏHSİL


Bilik Fondunda görkəmli alim Kamal Abdullayevin 80 illiyi qeyd olunub

A+ A

Bakı, 22 dekabr, Maqsud Dadaşov, AZƏRTAC

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda texnika elmləri doktoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli professor Kamal Abdullayevin 80 illik yubileyinə həsr olunan görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, alimlər, ictimai xadimlər, jurnalistlər, fondun əməkdaşları iştirak ediblər.

Tədbirdə O.Səmədov alimin həyatı və yaradıcılığı, elmi fəaliyyəti barədə geniş məlumat verib. Vurğulanıb ki, 1936-cı ildə Qusar rayonunun Əcəxur kəndində anadan olmuş K.Abdullayev 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, “Azərenerji” idarəsində mühəndis-energetik vəzifəsində işə başlayıb və burada 10 il şöbə müdiri vəzifəsində çalışıb. 1966-cı ildə K.Abdullayev texnika elmləri namizədi elmi dərəcəsi alıb.

Fondun icraçı direktoru yubilyarın 1978-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə etdiyini vurğulayıb, onun 260-dan çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş altı monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış altı dərsliyin, 20-dən artıq elmi axtarışın müəllifi olduğunu deyib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm, dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev yubilyarı təbrik edib, onun həm bir alim, həm də bir vətəndaş kimi örnək olduğunu vurğulayıb. Akademik deyib: “Bu qədər tələbəsi, bu qədər məsləkdaşı olan insan, doğrudan da, xoşbəxtdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor Muxtar Ağamalıyev K.Abdullayevin tələbəsi olması ilə fəxr etdiyini deyib. Bildirilib ki, professor K.Abdullayevin rəhbərliyi altında 50-dən çox namizədlik, 6 doktorluq dissertasiyası müdafiə olunub. Alim Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə, 2010-cu ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.

ADNSU-nun rektoru Mustafa Babanlı rəhbərlik etdiyi təhsil ocağının professoruna belə yüksək dəyər verdiklərinə görə Dövlət müşaviri K.Abdullayevə və Bilik Fondunun rəhbərliyinə minnətdarlığını bildirib. O deyib: “Professor Kamal Abdullayev həyatın bütün sınaqlarından üzüağ çıxmağı bacaran insandır. Bizim borcumuz onun kimi alimlərin dəyərini bilmək, onları gənc nəslə tanıtmaqdır”.

Tədbirdə Milli Məclisin deputatları Astan Şahverdiyev, Azər Badamov, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimova və başqaları alimin elmi uğurlarından, gənc alimlər nəslinin yetişməsində rolundan danışıblar.

Yubilyara Bilik Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.