ELM VƏ TƏHSİL
Bilik Fondunda hüquqi maarifləndirmə tədbirləri keçirilib
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Koordinasiya Şurasının Hüquqi maarifləndirmə bölməsinin növbəti iclası keçirilib.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə qurumun icraçı direktoru Oqtay Səmədov hüquqi maarifləndirmə sahəsində aparılan işlərdə fəallıq göstərdiklərinə görə tədbirdə iştirak edən alimlərə minnətdarlığını bildirib.
Daha sonra “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn vəzifələr geniş müzakirə edilib.
Hüquqi maarifləndirmə üzrə Koordinasiya Şurasına məlumat verən Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Sərəncamın mahiyyəti və müasir mərhələdə insan hüquq və azadlıqlarının genişləndirilməsi ilə bağlı əhəmiyyəti barədə ətraflı danışıb. Qeyd olunub ki, hüquqi və demokratik prinsiplərə daim diqqət göstərən ölkə rəhbərliyinin bu Sərəncamı humanizmin yeni bir təzahürüdür.
Müzakirələr zamanı vurğulanıb ki, bu Sərəncamın icrası penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya yol verilməməsinə, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsinə gətirib çıxaracaq.
Koordinasiya Şurasının üzvləri Sərəncamdan irəli gələn vəzifələrin şərhi üçün əhali arasında maarifləndirmə işinin aparılması məqsədilə kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar etməyin, Bilik Fondunun bilavasitə dəstəyi ilə penitensiar müəssisələrdə, əmək kollektivlərində, təhsil müəssisələrində müxtəlif “dəyirmi masa”, seminar və yığıncaqlar keçirməyin vacibliyini vurğulayaraq tədbirlər planını təsdiq ediblər.