ELM VƏ TEXNOLOGİYA


Bilik Fondundan balaca oxuculara hədiyyə

A+ A

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda istehsalat təcrübəsi keçən tələbələrin ingilis dilinə tərcümə etdikləri “Nağıllar” toplusunun təqdimatı olub.

Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qurumun təşəbbüsü və dəstəyi ilə dərc olunan jurnalda nağıllara çəkilən illüstrasiyaların müəllifləri Azərbaycan Dövlət Uşaq Filarmoniyasının (ADUF) balaca rəssamlarıdır.

Bilik Fondunda keçirilən təqdimat mərasimində uşaq yazarı Sevinc Nuruqızı, ADUF-un direktoru, Əməkdar İncəsənət Xadimi Dilarə Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, Dövlət Dillər Universitetinin, Avrasiya Universitetinin müəllimləri və başqaları iştirak ediblər.

Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun uşaqlar, yeniyetmələr və gənclər arasında həyata keçirdiyi maarifləndirici layihələrdən bəhs edib.

Bildirilib ki, “Nağıllar” nəşri ingilis dilini öyrənmək istəyən gənclərin kitabxanasında xüsusi yer tutacaq. Toplunun çapdan çıxmasında məqsəd əcnəbiləri xalq yaradıcılığının məhsulu olan nağıllarla daha yaxından tanış etmək, ingilis dilini öyrənmək istəyən azyaşlı oxucuların mütaliələrinə töhfə verməkdir.

Fondun sektor müdiri Xatirə Hüseynova diqqətə çatdırıb ki, “Nağıllar” tələbələrlə məktəblilərin birgə əməyinin bəhrəsi olan ilk jurnaldır. Nəşrdən orta məktəblərdə, ingilis dili kurslarında dərs vəsaiti kimi faydalanmaq olar. Nəşrin Qax, Oğuz, Şəmkir, Nardaran, İsmayıllıda fəaliyyət göstərən Bilik evlərinə, uşaq kitabxanalarına, bir sıra məktəblərə paylanması nəzərdə tutulub.

Sonra S.Nuruqızı, D.Əliyeva, jurnalın redaktoru Nuriyə Allahverdiyeva, tərtibatçı rəssamı Gilan Əzizxanlı çıxış edərək Bilik Fondunun bu təşəbbüsünü təqdirəlayiq hesab ediblər, belə bir jurnalın nəşrini yeniyetmələrə və gənclərə böyük qayğı kimi dəyərləndiriblər.

Sonda tərcüməçilərə və balaca rəssamlara fondun təşəkkürnamələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.