REGİONLAR
Regionlarda Bilik Fondunun “İlboyu bilik” layihəsi davam edir
AZƏRTAC xəbər verir ki, müəllim və şagirdlər əvvəlcə Şəkinin Orta Zəyzid kəndi ərazisindəki naməlum türk əsgərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Məlumat verilib ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədilə Azərbaycana gəlmiş xilaskar türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılıb. 2002-ci ildə abidənin ətrafında geniş abadlıq işləri görülüb, məzarüstü abidə kompleksi yaradılıb. 2012-ci il sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın, Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın Şəkiyə səfəri ərəfəsində abidə yenidən qurulub. Diqqətə çatdırılıb ki, hazırda Azərbaycanda 7 türk şəhidliyi və 17 şəhid məzarı mövcuddur.
Qonaqlar Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendlə tanış olublar.
Ağdaş şəhər 9 nömrəli ümumi orta məktəbinin direktoru, Bilik Fondunun rayondakı təmsilçisi Səffar Əzməmmədov, rayon texniki-humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın direktoru Şəhla Hacıbalayeva layihənin mühüm əhəmiyyətini qeyd edib, Bilik Fondunun rəhbərliyinə rayonun təhsil işçiləri adından minnətdarlıqlarını bildiriblər.
Şagirdlərin ifasında Azərbaycan-Türkiyə dostluğuna, şəhidlərə həsr olunan şeirlər səsləndirilib.
Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla Nuru Paşanın rəhbərliyi altında Türk İslam Ordusunun Bakını azad etməsinin 96 illiyi günlərində reallaşan bu mərasimin əhəmiyyətindən danışıb, Fondun qısa vaxtda gördüyü işlər və fəaliyyət proqramı barədə məlumat verib. Yerli təşkilatlardan gələn təşəbbüslərə daim dəstək verəcəklərini bildirib.
Səfər çərçivəsində qonaqlar Şəkinin tarixi məkanları ilə də yaxından tanış olublar. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb. Onlar, həmçinin Rəşid bəy Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinə, XVIII əsrə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinə baş çəkib, Şəkidə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, şəhərin görməli yerlərini gəziblər.
Ağdaşlı şagirdlər böyük dramaturq Mirzə Fətəli Axundzadənin abidəsi önündə öz istedadlarını nümayiş etdirib, xatirə şəkilləri çəkdiriblər.