REGİONLAR
Bilik Fondunun “İlboyu bilik” proqramı çərçivəsində “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə maraqla qarşılanıb
Həmin gün Bilik Fondunun lektorları 70-dən çox məktəbdə ulu öndər Heydər Əliyevə həsr olunan açıq dərslərdə iştirak edib, şagirdlərə “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirələr deyiblər.
AZƏRTAC xəbər verir ki, layihəyə əsasən, Bakı şəhəri üzrə Təhsil İdarəsinin multimedia bölməsinin müdiri, uşaq yazıçısı, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Solmaz Amanova yeni tədris ilinin ilk günündə İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbinin X-a sinfinin şagirdləri qarşısında “Azərbaycan bu gün və sabah” mövzusunda mühazirə ilə çıxış edib.
Diskussiya formasında, interaktiv şəkildə davam edən dərs müddətində Solmaz Amanova məktəblilərə Vətən sevgisindən danışıb, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən faktların və rəqəmlərin dili ilə geniş söhbət açıb.
Dərs qurtardıqdan sonra S. Amanova məktəbin müəllim kollektivi və rayon ziyalıları ilə görüş keçirib.
Görüşdə Solmaz Amanova, rayon icra hakimiyyəti başçısının müavinləri Rövşən Ağayev və Sevil Əhmədova çıxış edərək Bilik Fondunun reallaşdırdığı “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.
Sonda Solmaz Amanova Bilik Fondunun bukletlərini və mühazirəsinin elektron variantını rayon icra hakimiyyətinə təqdim edib. Həmçinin 1893- cü ildə İsmayıllı rayonunun Qalagah kəndində tapılan, eramızdan əvvəl II əsrə aid olan, hazırda Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan “Nereida hippokampda” gümüş nimçəsi haqqında S.Amanovanın yazdığı ”İnsan iz qoyur”, ”Xanəgah əczaxanası” və ”İRS” elektron kitabları rayon mərkəzi kitabxanasına hədiyyə edilib.