ELM VƏ TƏHSİL


Bilik Fondunun alimlərlə birgə gördüyü işlər cəmiyyətimiz üçün gərəkli və faydalıdır

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda iqtisadçı alimlərlə görüş keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun və Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Fondun icraçı direktoru Oktay Səmədov fəaliyyət göstərdiyi üç ildən artıq bir dövrdə təmsil olunduğu qurumun gördüyü işlərdən, maarifçilik missiyasından söhbət açıb. Bildirib ki, Bilik Fondu elmi biliklərin müxtəlif sahələri üzrə bölgələrdə və paytaxtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda fərqli və rəngarəng mövzularda mühazirələr təşkil edir, maarifləndirici tədbirlər həyata keçirir. İcraçı direktor Fondun bu istiqamətdə icra olunan proqram və layihələrindən danışıb. Oktay Səmədov bölgələrdə iqtisadiyyatla bağlı mövzularda mühazirələrlə çıxış etmək üçün dəvət olunan alim heyətini ölkə başçısının sərəncamından irəli gələn tapşırıqları birlikdə yerinə yetirməyə çağırıb.

İqtisadçı alimlər Fondun bu yaxınlarda keçirdiyi ideoloji mühazirələr və onların bölgələrdə yaratdığı əks-səda barədə məlumatlandırılıb. Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev növbəti mühazirələrdə onları fəal olmağa, aktual mövzularda mühazirələrə qatılmağa dəvət edib. Aparat rəhbəri onu da diqqətə çatdırıb ki, mühazirələrin mövzuları həm onların təklifləri, həm də bölgələrdən gələn sosial sifarişlər əsasında müəyyən olunur.

Tədbirdə alimlərlə Bilik Fondunun rəhbərliyi arasında bu yöndə görüləcək işlər, mühazirələrin mövzuları və məkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzəri və praktiki iqtisadiyyat kafedrasının müdiri Umidvar Əliyev təcrübəsinə əsaslanaraq əhalinin iqtisadiyyatın hansı yönümlərində maarifləndirilməsinə ehtiyac olduğunu diqqətə çəkib və müvafiq təkliflər irəli sürüb. Təkliflər müzakirə olunub və həmin mövzularda mühazirələr hazırlanmasına qərar verilib.

Universitetin iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri Məhiş Əhmədov bildirib ki, Bilik Fondunun alim və tədqiqatçılarla birgə gördüyü işlər cəmiyyətimiz üçün gərəkli və faydalıdır. Alim özünün bu işlərdə fəal iştiraka və təcrübəsini həmkarları ilə bölüşməyə hazır olduğunu bildirib.

Müəssisənin iqtisadiyyatı kafedrasının müdiri Əli Hacıyev ixtisaslaşdığı sahədə artıq bir çox mühazirələri və elmi məqalələrinin, monoqrafiya və kitablarının olduğunu diqqətə çatdırıb.

Nəzəri və praktiki iqtisadiyyat kafedrasının professoru Rasim Nəbiyev Bilik Fonduna fəaliyyətində uğurlar arzulayaraq mühazirələrin əsasən əhali kütləsinin istəyinə hesablanmasının və mümkün qədər akademik üslubda deyil, sadə dildə auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb.

Sonda iqtisadi mövzularla bağlı bütün təkliflərin Fonda təqdim olunması, yaxın zamanda silsilə mühazirələrə start verilməsi, dövlətin iqtisadi siyasəti ilə bağlı mühazirə mətnlərinin toplu halında nəşr edilərək geniş əhaliyə çatdırılması qərara alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2016-cı il martın 16-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Sərəncamın icrası istiqamətində hökumət strukturları tərəfindən müvafiq qərarlar qəbul edilir, müxtəlif tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Nizamnaməsinə uyğun olaraq, dövlət başçısının sözügedən Sərəncamının şərhi, bu sahədə görülmüş tədbirlərin təbliği ilə əlaqədar əhali arasında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində mühazirələr təşkil etməyi nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.