ELM VƏ TƏHSİL


Bilik Fondunun dəstəyi ilə keçirilən təlimlər başa çatıb

Bakı, 26 iyul, AZƏRTAC

Maarifləndirici fəaliyyətinin üçüncü ilinə qədəm qoymuş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ölkə əhalisinin elmi-texniki, sosial-iqtisadi, hüquqi, humanitar biliklərinin davamlı artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin geniş təbliği, gənclərin ekoloji təfəkkürünün formalaşdırılması, onları zərərli vərdişlərdən yayındırmaqla sağlam həyat tərzinə sövq edilməsi, yeniyetmə və gənclərdə elmi biliklərə, faydalı bacarıq və vərdişlərə maraqlarının artırılması istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirməkdədir. Bu gün ölkəmizin müxtəlif bölgələrində Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən bilik evlərində yerli əhalinin maarifləndirilməsi məqsədilə keçirilən mühazirə və görüşlər, təqdimat və müsabiqələrlə yanaşı, elmi biliklərin müxtəlif sahələri üzrə təlimlər təşkil olunur. Yerli gənclər Qax, Oğuz, Şəmkir, İsmayıllı, Tərtər, Astara rayonlarında və Bakı şəhərinin Nardaran qəsəbəsində fəaliyyət göstərən bilik evlərində xarici dil, kompüter texnologiyaları və kargüzarlıq işi, ədəbi yaradıcılıq, toxuculuq, avtomobillərə texniki xidmət və digər sahələr üzrə təşkil olunmuş təlim kurslarının dinləyiciləri qismində müvafiq bilik və bacarıqlara yiyələnirlər. Təlimlər təcrübəli mütəxəssislərin iştirakı ilə Bilik Fondu tərəfindən tərtib edilmiş xüsusi proqramlar üzrə yerli müəllimlər və təlimçilər tərəfindən keçirilir və yalnız həftə ərzində iki-üç məşğələdən ibarət olmur. Dinləyicilər bilik evlərində təşkil olunan bütün tədbirlərin fəal iştirakçılarına çevrilir, Bilik Fondunun təşkilatçılığı ilə ictimai-siyasi, sosial-iqtisadi mövzularda keçirilən mühazirələrə, kitab təqdimatlarına və müzakirələrə, bilik müsabiqələri və elmi turlara qatılırlar.

Fonddan AZƏRTAC-a bildiriblər ki, asudə vaxtlarını bilik evlərində keçirən gənclər təlimlər dövründə Bilik Fondunun və yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının alim və tədqiqatçılarının, ali məktəb müəllimlərinin, Milli Məclisin deputatları və tanınmış jurnalistlərin “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”, “Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, “İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında, eləcə də “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilmiş maarifləndirici tədbirlərdə, sağlam həyat tərzinin təbliği üzrə təlimlərdə iştirak edib, xarici ölkə alimləri və mütəxəssisləri ilə ünsiyyətdə olublar.

Kurs dinləyicilərinin maarifləndirici tədbirlərdə iştirakları onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına, həyat təcrübəsinə yiyələnmələrinə kömək göstərir. Təlimlərdə iştirak edən gənclərin iş tapmaq və əmək fəaliyyətinə başlamaq imkanları da genişlənir. Ötən il Bilik Fondunun dəstəyi ilə “Auto Azerbaijan” şirkətində təşkil olunmuş təlimləri müvəffəqiyyətlə bitirən bir qrup gənc artıq paytaxtda və bölgələrdə avtomobillərə texniki xidmət göstərən müəssisələrdə işlə təmin olunublar.

Cari ildə Bilik Fondunun dəstəyi ilə həm bilik evlərində, həm də digər müəssisələrdə təşkil edilmiş təlim kursları artıq başa çatıb. Qax Bilik Evində 42 dinləyici “Rus dili”, “İngilis dili”, “Kompüter texnologiyaları və kargüzarlıq işi”, Oğuz Bilik Evində 14 dinləyici “Rus dili”, Şəmkir Bilik Evində 18 dinləyici “Rus dili” və “İngilis dili”, İsmayıllı Bilik Evində yeddi nəfər “Rus dili”, Nardaran Bilik Evində 16 nəfər “Rus dili” və “İngilis dili”, Rus Pravoslav kilsəsində 19 nəfər “Azərbaycan dili”, İsmayıllı rayonunun Nic qəsəbəsindəki “Cotari” Alban-Udi kilsəsində 15 dinləyici “Azərbaycan dili”, Bilik Fondu və Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində 10 dinləyici “Ərəb dili” üzrə təlim kurslarını uğurla başa vurub. Bilik Fondunun nümayəndələri və mühazirəçiləri yekun imtahanlarda yüksək nəticələr göstərmiş dinləyicilərə müvafiq sertifikatlar təqdim ediblər. Təlimləri uğurla başa vuran dinləyicilər bilik evləri ilə əlaqələri davam etdirəcəklər. Yeni mövsümdə Bilik Fondunun könüllüləri sırasına qatılmış gəncləri onların maraq dairələri nəzərə alınmaqla dərnək və klublarda elm və mədəniyyət xadimləri ilə yeni görüşlər və müzakirələr, “dəyirmi masa”lar və intellektual müsabiqələr gözləyir.

Hazırda bilik evlərində təşkil edilən təlim kurslarına dinləyici qəbulu davam edir. Fond isə yerlərdə keçirilən sosioloji sorğuların nəticələrini təhlil etməklə yaxın gələcəkdə hansı təlimlərə daha çox ehtiyac olduğunu müəyyənləşdirir. Bilik Fondunun bölgələrdə fəaliyyət göstərən bilik evləri bilik əldə etmək və maariflənmək istəyində olan hər kəs üçün qapıları daim açıq olan məkandır. Bu məkanlardan bəhrələnməklə həm özünü intellektual baxışmdan zənginləşdirmək, həm də cəmiyyətə fayda gətirmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.