REGİONLAR
“Bilik günü” ərəfəsində Masallının Köhnə Zuvand kəndində yeni məktəb binası istifadəyə verilib
Masallı, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı rayonunun Köhnə Zuvand kənd ümumi orta məktəbi üçün inşa edilmiş 120 yerlik məktəb binası sentyabrın 14-də istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məktəbin müəllim və şagird kollektivini qarşıdan gələn “Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Son illər Masallıda olan 99 məktəbdən 40-a yaxınının yenidən tikildiyini və əsaslı təmir olunduğunu vurğulayan R.Hüseynov rayonun daha iki kəndində belə tədbirlərin reallaşacağını diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, təqaüddə olan müəllim Əmənulla Bəşirov, Köhnə Zuvand kənd ümumi orta məktəbinin direktoru Əlibala Muradov və başqaları ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışaraq, “Bilik günü” ərəfəsində kənd sakinlərinə ərməğan edilən bu gözəl töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra təhsil ocağında yaradılan şəraitlə tanışlıq olub.