REGİONLAR


Bilik günü ölkəmizin cənub bölgəsində yeni məktəb binalarının açılışı ilə yadda qalıb

A+ A

Astara- Masallı-Lənkəran, Bağır Əliyev, AZƏRTAC

Bilik günü münasibətilə Astarada iki, Masallıda bir məktəb binasının, Lənkəranda isə tədris korpusunun açılışı olub və bir sıra silsilə tədbirlər keçirilib.

“Astara rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 13 aprel 2015-ci il tarixli Sərəncamı ilə ayrılmış 2,5 milyon vəsait hesabına əsaslı təmir edilən akademik Ziya Bünyadov adına Astara şəhər 2 nömrəli tam orta məktəbin binası sentyabrın 15-də yenidən müəllim və şagirdlərin ixtiyarına verilib.

AZƏRTAC xəbər verir ki, üçmərtəbəli və 4 korpusdan ibarət, 860 şagird yerlik məktəbdə əsaslı təmir işlərinə ötən ilin may ayında başlanılıb.

Təhsil ocağında 39 sinif otağından başqa, 2 idman və 1 akt zalı, 2 kompyuter otağı, fizika, kimya laboratoriyası və iki əmək kabineti var.

Əsaslı təmirdən və yenidənqurmadan sonra istifadəyə verilən məktəbin açılış mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova, məktəbin direktoru Maya Həsənova və başqaları müəllim və şagirdləri yeni tədris ilinin başlanması münasibətilə təbrik ediblər.

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Astara rayon mərkəzindən 40 kilometr aralıda, ucqar dağlıq ərazidə yerləşən Sım kəndində inşa edilmiş 180 şagird yerlik yeni məktəb binası da sentyabrın 15-də istifadəyə verilib.

İkimərtəbəli, 15 sinif otağından ibarət yeni məktəb binası ən müasir avadanlıqla təchiz edilib. Məktəbdə fizika, kimya və biologiya laboratoriyası, idman və akt zalları, kompyuter otağı, kitabxana, tibb məntəqəsi, yeməkxana şagird və müəllimlərin ixtiyarına verilib.

Yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edənlər təhsil ocağının pedaqoji kollektivini və şagirdləri əlamətdar gün münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıblar.

Çıxış edənlər ucqar dağlıq ərazidə yerləşən Sım kəndində müasir tipli məktəbin inşa olunmasını dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.

X X X

Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət proqramında müəyyən olunmuş tədbirlərə müvafiq olaraq Masallı rayonunun Dəlləkoba kənd ümumi orta məktəbi üçün tikilmiş 140 şagird yerlik yeni məktəb binası Bilik günündə istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli Məclisin deputatı Elmira Axundova, rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, kənd ağsaqqalı Yusif Məmmədov, məktəbin direktoru Rakit Həmidov və başqaları pedaqoji kollektivi və şagirdləri əlamətdar hadisə münasibətilə təbrik ediblər.

Çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Yeni dərs ilinin başlanması münasibətilə rayonda təşkil edilən növbəti tədbir sentyabrın 3-də Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi Masallı Uşaq İncəsənət Məktəbində keçirilib.

Bildirib ki, 220 min əhalisi olan, eyni zamanda musiqi ənənələri ilə zəngin olan rayon üçün zamanın tələbinə uyğun bu cür gözəl memarlıq üslubunda, müasir və geniş binanın tikilməsi olduqca təqdirəlayiqdir.

Natiqlər ikimərtəbəli, 640 şagird yerlik təhsil müəssisəsinin tikintisi və burda yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbir məktəbin akt zalında şagirdlərin ifasında musiqi nömrələri və Heydər Əliyev Parkındakı amfiteatrda rayon incəsənət ustalarının iştirakı ilə konsert proqramı ilə davam edib. 

X X X

Bilik günündə Lənkəran Dövlət Universitetinin (LDU) əsaslı təmir edilmiş 2 nömrəli tədris korpusunun açılışı olub.

Tədbirdə universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimov yeni dərs ilinin başlanması münasibətilə tələbələri təbrik edərək elm və təhsildə onlara yeni uğurlar arzulayıb.

Yeni tədris ilində bu ali təhsil ocağında 38 ixtisas üzrə 2599 tələbənin, o cümlədən 41 magistrantın təhsilini davam etdirəcəyini vurğulayan N.İbrahimov, 723 gəncin ilk dəfə auditoriyalara tələbə kimi qədəm qoyduğunu, onların arasında 500 və daha çox bal toplayan tələbələrin olduğunu diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə milli təhsil quruculuğu strategiyasının uğurla həyata keçirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə elmə, təhsilə diqqətin artırıldığını bildirib.

Bilik günü münasibətilə universitetin professor-müəllim heyətini və tələbələri təbrik edən nazir müavini ali təhsil ocağı qarşısında duran daha mühüm vəzifələrdən danışıb, 25 illik şərəfli həyat yolu keçən universitet kollektivinə yeni uğurlar arzulayıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxışında ölkəmizdə iqtisadi, sosial, mədəni-quruculuq, elm, təhsil sahələrində qazanılan nailiyyətlərdən danışıb, bütün uğurların ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğunu, bu istiqamətdə işlərin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.

“LDU-da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər bir daha sübut edir ki, təhsilimiz dövlət siyasətinin prioritet sahəsi kimi daim diqqət mərkəzindədir”, -deyən T.Qaraşov Bilik günü münasibətilə universitetin müəllim və tələbə kollektivinə ən xoş arzularını çatdırıb.

Mərasimdə çıxış edənlər universitetin müəllim və tələbələrini yeni tədris ilinin başlanması münasibətilə təbrik edərək ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə universitetə yüksək balla daxil olan gənclərin bir qrupuna tələbə bileti təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.