REGİONLAR
Bilik günündə Ağsuda üç kənddə yeni məktəb binası istifadəyə verildi
Hər 3 bina dövlət vəsaiti hesabına inşa olunub. İkimərtəbəli binalarda tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılıb. Geniş və işıqlı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, kompyuter otaqları, konfrans zalı, qış idman zalı və s. bütün zəruri avadanlıqlarla təchiz edilib.
AZƏRTAC xəbər verir ki, yeni məktəb binalarının istifadəyə verilməsi hər 3 kənddə təntənəli mərasimlər qeyd olundu. Rayon rəhbərlərinin, təhsil şöbəsi işçilərinin, ziyalıların, kənd sakinlərinin və digər qonaqların qatıldıqları mərasimlərdə çıxış edənlər ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışdılar.
Mərasimlərdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən də ətraflı bəhs etdilər. Qeyd olundu ki, təkcə birinci və ikinci Dövlət proqramlarının icrası müddətində Ağsuda 3980 şagird yerlik 19 məktəb üçün yeni binalar tikilib istifadəyə verilib. Bu binalardan da 1640 şagird yerlik 9 tədris ocağı məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub.
Çıxış edən kənd sakinləri, müəllim və şagirdlər yeni binalar təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.