İQTİSADİYYAT


Binə qəsəbəsinin Əli İsazadə küçəsində yenidənqurma işləri yekunlaşır VİDEO

A+ A

Bakı, 5 noyabr, AZƏRTAC

Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən Əli İsazadə küçəsinin yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əli İsazadə küçəsinin yenidən qurulması layihəsi çərçivəsində yol yatağının eni 20-22 metrə qədər genişləndirilib. Dörd hərəkət zolaqlı olan yolun hərəkət hissəsinin eni 15-17 metr təşkil edir. Yol boyu vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün 1-2 metr enində piyada səkiləri tikilib.

Sutkanın qaranlıq saatlarında hərəkətin normal təşkili üçün yol boyu müasir işıqlandırma sistemi də qurulacaq. Bundan başqa, layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən normal kənarlaşdırılması üçün zəruri olan bəzi yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılıb.

Yenidənqurma işləri çərçivəsində yoldan kommunikasiya xətləri kənara köçürülüb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra yol əsasının inşası işləri aparılıb. Hazırda yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə 80 min kvadratmetr əraziyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Bütün işlər yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol göstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.