SİYASƏT


Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslara başlanılıb [YENİLƏNİB]

A+ A

Bakı, 22 avqust, Məhərrəm Əlioğlu, AZƏRTAC

Avqustun 22-də Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə üç günlük ixtisaslaşdırılmış kurslara başlanılıb.

AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.

Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında keçirilən kursların ilk günündə 50 nəfər iştirak edib.

Dairə seçki komissiyasının sədri Həsən Bayramov bildirib ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) mühüm ictimai-siyasi kampaniyadır. Mərkəzi Seçki Komissiyası tərəfindən referendumun hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ardıcıl işlər görülür. Ölkədə referendumun hazırlanıb keçirilməsi səlahiyyətlərini həyata keçirən dövlət orqanı kimi Mərkəzi Seçki Komissiyasının (MSK) fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənilir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Diqqətə çatdırılıb ki, Binəqədi rayonundakı seçki məntəqələrində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.

Kursun birinci günü Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə dair məruzə ilə çıxış edib.

Aygün Əliyeva bildirib ki, ölkəmizdə demokratik seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Artıq Binəqədi rayonu üzrə seçkilərə hazırlıqla bağlı işlərə başlanılıb. Aparılan hazırlıq işləri deməyə əsas verir ki, seçkilər yüksək səviyyədə keçiriləcək. Məntəqələrin maddi-texniki təchizatında heç bir problem yoxdur.

Sonra rayon məhkəməsinin sədri Sədrəddin Hacıyevin “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” mövzusunda məruzəsi dinlənilib.

İxtisaslaşdırılmış kurslarda, həmçinin seçkilərə hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən ətraflı danışılıb.

Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.

Daha sonra “Seçici siyahıları ilə iş qaydası” mövzusunda seminar keçirilib.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.