İQTİSADİYYAT


Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisinə başlanılıb VİDEO

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 6-da “Azəravtoyol” ASC tərəfindən Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi işlərinə başlanılıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 14 kilometrdir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə piyada səkilərinin tikintisi və yolboyu yeni səki daşlarının düzülməsi nəzərdə tutulur.

Layihə çərçivəsində hazırda yolboyu maneələrin sökülməsi, kommunikasiya xətlərinin köçürülməsi, köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, səkilərin tikintisi və yolboyu yeni səki daşlarının düzülməsi işləri həyata keçirilir. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək.

Bundan başqa, kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi borunun quraşdırılması və 1,1 kilometr uzunluğunda yeni işıqlandırma sisteminin qurulması işlərinin də aparılması nəzərdə tutulub. Layihə üzrə avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq. Bütün işlər qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.