İQTİSADİYYAT


Binəqədi-Novxanı-Corat yolunun bir hissəsi yenidən qurularaq istifadəyə verilib

Bakı, 22 may, AZƏRTAC 

Uzunluğu 14 kilometr olan Binəqədi-Novxanı avtomobil yolunun 6,5 kilometrlik hissəsinin yenidən qurulması işləri "Azəravtoyol" ASC tərəfindən artıq yekunlaşıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə yolun sözügedən hissəsinin 80 min kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib.

Ərazinin Binəqədi qəsəbəsindən keçən 1,2 kilometrlik hissəsində 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.

Məlumata əsasən, hazırda Binəqədi-Novxanı-Corat avtomobil yolunun qalan 8 kilometrlik hissəsində isə təmir-tikinti işləri aparılır. İşlər çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır, zəruri olan yerlərdə yol yatağının bərkitmə işləri görülür. Bundan öncə isə bu hissədə aidiyyəti qurum tərəfindən yeni su və kanalizasiya xətlərinin çəkilişi işləri başa çatdırılıb.

Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilib. Həmin yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.

Layihə çərçivəsində yolun 1,3-cü kilometrində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunub. Bundan başqa, Novxanı qəsəbəsində yerləşən dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması da nəzərdə tutulub.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunub ki, avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.