İQTİSADİYYAT
Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində yeni dairə inşa olunur
Bakı, 24 yanvar, AZƏRTAC
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi “Azəravtoyol” ASC tərəfindən davam etdirilir.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sözügedən avtomobil yolunun uzunluğu 14 kilometr, eni isə 7-9 metr arası dəyişir. Layihəyə uyğun olaraq yol 12 metrə qədər genişləndirilərək 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Yolun Binəqədi qəsəbəsi ərazisindən keçən 1,1 kilometrlik hissəsi artıq hazırdır və tam olaraq asfaltlanıb, 1,5 metr enində yeni piyada səkiləri inşa edilib, yeni səki daşları düzülüb və işıq dirəkləri quraşdırılıb.
Hazırda digər hissələrdə yol boyu maneələr sökülür, kommunikasiya xətləri köçürülür, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə yolun 170 min kvadratmetr sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
Bundan başqa, layihə çərçivəsində yolun 1,3-cü kilometrində, Binəqədi, Novxanı və Mehdiabad qəsəbələrinə gedən yolların kəsişməsində 12 metr diametrində yeni dairə inşa olunur. Həmçinin Novxanı qəsəbəsindəki dəmir yolu və su kanalı üzərində yerləşən mövcud körpülərin əsaslı şəkildə təmir edilərək 7 metrdən 12,5 metrə qədər genişləndirilməsi və kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 5 yerdə xüsusi boruların quraşdırılması nəzərdə tutulub.
Tikinti işləri yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Yolun tikintisi ilə bağlı əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi ilə 5 yaşayış məntəqəsinin 72 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq.