İQTİSADİYYAT


Binəqədi rayonu Cəfər Xəndan küçəsinin bir hissəsi təmir olunur VİDEO

A+ A

Bakı, 11 avqust, AZƏRTAC 

Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən hissəsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən təmir işləri aparılır. Təmir olunan hissənin uzunluğu 700 metr, eni isə 9 metrdir.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə həyata keçirilir. Belə ki, sözügedən hissədə yeni yeraltı su və qaz xətləri çəkilir, digər mövcud xətlər isə bərpa olunur. Bundan başqa, cəmiyyət tərəfindən səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılmasını təmin etmək üçün yeni yağış-kanalizasiya sistemi də yaradılır. Bu işlər isə öz növbəsində gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasının qarşısını alacaq.

Sözügedən işlər çərçivəsində köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınır və yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Ümumilikdə isə, küçənin təqribən 6 min 300 kvadratmetr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Küçə boyu vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə piyada səkiləri bərpa edilir, 1400 poqonmetr köhnə səki daşı yenisi ilə əvəz olunur.

Bütün işlər yekunlaşdıqdan sonra avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqları, yol cızgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.